`Bütün tərəflərin maraqları təmin olunur` - İlham Əliyev


14:40     01 İyun 2016 ilham%20eliyev%20yeni.jpg

“Əldə edilmiş uğurlar gərgin iş, beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olub”.


Bunu bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gün Cənub Qaz Dəhlizinin icrası qrafik üzrə gedir: “Bizim qarşımızda bu gün duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır. Bu gün Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz hər zaman qarşımıza enerji faktorundan əməkdaşlığı dərinləşdirmək məqsədilə istifadə etmək hədəfi qoymuşuq. Azərbaycan öz resurslarından başqa məqsədlər üçün istifadə etməyib. İstəmişik ki, əməkdaşlığı genişləndirək, qonşuluğumuzda sabitlik olsun, ölkəmizin qüdrətini artıraq. Buna görə də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında müzakirə olunan məsələlərdə heç bir fikir ayılığı yoxdur, bütün tərəflərin maraqları təmin olunur. Ancaq maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik. İstehsalçı, tranzit və istehlakçı ölkələrin hər hansı biri yalnız öz marağını güdsə, uğurlara nail ola bilməzdik. Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir. Biz istəyirik ki, Azərbaycanda inkişaf sürətlə getsin, bölgədə sabitlik möhkəmlənsin”.

Prezident bildirib ki, dünyada yaranan yeni müharibələr, qarşıdurmalar Azərbaycanı da narahat edir: “Bu, arzu edilən mənzərə deyil. Biz bölgəmizdə sabitlik istəyrik. Yalnız sabitlik şəraitində bölgə, Azərbaycan inkişaf edə bilər”.

Dövlət başçısı bildirib ki, Beynəlxalq Neft və Qaz Sərgisinin inkişafı Azərbaycanın həyatında mühüm rol oynayır: “Müstəqilliyimizin ilk illəri ağır keçirdi, torpaqlarımız işğal olunmuşdu, vətəndaş müharibəsi başlamışdı. O dövrlərdə keçirilən 1-ci Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın müasir inkişaf yolunu seçdi. İnvestisiya üçün əl əlverişli sahə neft və qaz sektoru idi”.

Azərbaycanın neft və qaz sektorunun inkişafından danışan prezident bildirib ki, BP və SOCAR 22 ildir, etibarlı tərəfdaş kimi işləyir: “Bu illər ərzində SOCAR da beynəlxalq enerji şirkətinə çevrilib, çünki Azərbaycanda böyük layihələr reallaşdırılıb. İndi SOCAR xarici ölkələrə milyardlarla dollar investisiya qoyur. Xaricə qoyulan investisiya o ölkələrlə bütün sahələrdə əlaqələrə təsir göstərir”.

Dövlət başçısı Azərbaycanın şərəfli yol keçdiyini vurğulayıb: “İndiyə qədər planlaşdırılmış bir layihə də icrasız qalmayıb. Onu da deyim ki, regionda sabitlik olmadan bu layihələri icra etmək mümkün deyildi. İnvestorlar bizə inandılar və milyardlarla dollar investisiya qoydular. Biz də bu sahəyə qoyulan vəsait hesabına qeyri-neft sektorunu inkişaf etdirdik. Bu gün neft sektorunun çəkisi 30 faizdir, əsas gəlirlər qeyri-neft sektoru hesabına formalaşır. Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq”. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1281